Image

PMI: İnnovasiyalar bir milyarddan çox siqaret çəkənin siqaretdən uzaqlaşmasına kömək edə bilər

Innovasiyalar tarix boyu cəmiyyətlərə böyük problemləri həll etməyə kömək edib, lakin demək olar ki, hər bir yenilik əvvəlcə müqavimət, müzakirə və şübhə ilə qarşılanıb. Bunu Philip Morris International şirkətinin kommunikasiya və əlaqələr üzrə vitse-prezidenti Tommaso Di Giovanni bildirib. Stokholmda keçirilən Technovation forumunda çıxış edən Di Giovanni deyib ki, innovasiyalara yalnız yeni texnologiya kimi baxmaq olmaz.

Onun sözlərinə görə, innovasiyanın əsas məqsədi insanların rifahını yaxşılaşdırmaq, seçim imkanlarını genişləndirmək və onların gələcəyini formalaşdırmağa kömək etməkdir. O, İsveç mühəndisi Nils Bohlin tərəfindən ixtira edilən üçnöqtəli təhlükəsizlik kəmərini nümunə göstərib. Effektivliyi sübut olunsa da, təhlükəsizlik kəmərlərinin məcburi tətbiqi üçün on ildən çox vaxt lazım olub.  

Di Giovanni bildirib ki, bu gün tüstüsüz tütün və nikotin alternativlərinin qəbulunda da oxşar gecikmələr müşahidə olunur. Onun sözlərinə görə, siqaretin əsas zərəri yanma prosesi ilə bağlıdır. Tütün yanmadıqda, siqaret tüstüsündə olan yüksək səviyyəli zərərli maddələr yaranmır. Di Giovanni qeyd edib ki, tütün məhsullarının toksikliyinin azaldılması ilə bağlı müzakirələr onilliklərdir davam edir. Onun sözlərinə görə, beynəlxalq səhiyyə ekspertləri və institutları hələ 1990-cı illərin sonu və 2000-ci illərin əvvəlində daha az zərərli alternativlərin yaradılması zərurətindən danışırdılar. PMI belə məhsullar yaratmağa əvvəllər də cəhd edib, lakin həmin dövrdə texnologiyalar hazır deyildi.

Batareya imkanları, dad keyfiyyəti və istehlakçıların qəbul səviyyəsi yetərli deyildi. Daha sonra şirkət investisiyalarını artırıb, Neuşateldə tədqiqat mərkəzi yaradıb və 2014-cü ildə IQOS-un test satışlarına Naqoya və Milanda başlayıb. Di Giovanni bildirib ki, Yaponiya bu məhsulu sürətlə qəbul edib, İtaliyada isə proses daha ləng gedib. Bu, mədəni fərqlərin innovasiyaların qəbul sürətinə təsir etdiyini göstərib. Onun sözlərinə görə, PMI tüstüsüz alternativlərin tədqiqatı, inkişafı və kommersiyalaşdırılmasına 16 milyard dollardan çox sərmayə yatırıb. Bu məhsullar üzərində şirkətin 1,600 əməkdaşı çalışır, PMI-nin tədqiqat və inkişaf xərclərinin 99.7%-i tüstüsüz məhsullara yönəldilir. Di Giovanni deyib ki, PMI-nin tüstüsüz məhsulları hazırda 106 bazarda mövcuddur və onlardan 43 milyon yetkin insan istifadə edir. Bu istifadəçilərin təxminən 70%-i siqaretdən imtina edib, şirkətin xalis gəlirlərinin 43%-i isə artıq tüstüsüz məhsullardan formalaşır. O, İsveçi sнюs və nikotin paçları kimi alternativlərin siqaret çəkmə səviyyəsini azaltmağa kömək etdiyi nümunə kimi göstərib. “Dünyada hələ də bir milyarddan çox insan siqaret çəkir,” Di Giovanni bildirib. Onun sözlərinə görə, hökumətlər, şirkətlər və cəmiyyət birlikdə çalışmalıdır ki, gələcəkdə siqaretlər “muzeyə aid olsun”.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti