Image

Xarici investorların Qarabağa diqqəti artır - Prezidentin xüsusi nümayəndəsi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerli və xarici investorların fəaliyyəti genişlənir, xüsusilə kənd təsərrüfatı, bərpa olunan enerji və sənaye sahələrinə maraq artır. Bunu anews.az-a müsahibəsində  Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. 

Onun sözlərinə görə, kənd təsərrüfatı sektoru investorlar üçün ən cəlbedici istiqamətlərdən biri olaraq qalır. Bu sahəyə bağçılıq və heyvandarlıq layihələri daxildir.

Hacıyev qeyd edib ki, Prezident tərəfindən azad edilmiş ərazilərin “yaşıl enerji zonası” elan olunması xarici şirkətlərin bölgəyə marağını artırıb. Hazırda bir sıra beynəlxalq şirkətlər günəş elektrik stansiyalarının tikintisində iştirak edir.

“BP şirkəti Cəbrayılda 240 meqavat gücündə layihə həyata keçirir”, - o bildirib.

Vahid Hacıyev əlavə edib ki, Araz Vadisi İqtisadi Zonasında artıq bir neçə investor fəaliyyət göstərir və yeni layihələrin icrası davam edir.

Onun sözlərinə görə, “Autolizing Azərbaycan” şirkəti KamAZ layihəsi çərçivəsində bölgədə fəaliyyət göstərən investorlar sırasındadır. “İveko” şirkəti də ərazidə layihələr həyata keçirir.

Bundan əlavə, Latviya şirkətlərindən biri bölgədə divan və oturacaq kreslolarının istehsalı üzrə investisiya layihəsinə başlayıb.

Rəsmi bildirib ki, ümumilikdə azad edilmiş ərazilərdə müxtəlif istiqamətlər üzrə xarici investisiyaların cəlb olunması prosesi davam edir.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti