Anar Quliyev: Azərbaycan şəhərsalma sahəsində Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı genişləndirməyə hazırdır
Azərbaycan şəhərsalma, məkan planlaşdırılması və dayanıqlı şəhər inkişafı sahəsində Türk Dövlətləri Təşkilatı ölkələri ilə praktik əməkdaşlığı genişləndirməyə hazırdır. Bunu Ümumdünya Şəhərsalma Forumu çərçivəsində çıxış edən WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. “Bakıda, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin yerləşdiyi şəhərdə toplaşmağımız təsadüfi deyil. Şəhərsalma bizim üçün yeni anlayış deyil, kimliyimizin bir hissəsidir”, - Quliyev qeyd edib. Komitə sədri bildirib ki, region sürətli urbanizasiya mərhələsindən keçir. Son on ildə Mərkəzi və Qərbi Asiyada şəhər əhalisi təxminən 35-45% artıb. Bu isə təhlükəsiz, əlçatan və dayanıqlı mənzil təminatı, iqlim dəyişikliyi və miqrasiya kimi çağırışlara qarşı birgə yanaşma tələb edir. Quliyev xatırladıb ki, ötən ilin oktyabrında qəbul edilmiş Kabul Bəyannaməsində Türk dövlətlərinin liderləri şəhərsalma, məkan inkişafı və dayanıqlı şəhər artımı sahəsində əməkdaşlığın gücləndirilməsini prioritet kimi müəyyən ediblər. Onun sözlərinə görə, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə bu mandatın irəli aparılması xüsusi məsuliyyət daşıyır. “Biz bunun üçün Ümumdünya Şəhərsalma Forumundan daha uyğun platforma təsəvvür edə bilmərik”, - Quliyev bildirib. O vurğulayıb ki, bu gün Azərbaycanın 79 şəhərinin 65%-i mütəmadi yenilənən 20 illik baş planlarla idarə olunur, daha 10 şəhərin planı təsdiq mərhələsindədir. "Həmçinin 2 230 yaşayış məntəqəsi üzrə detallı planlaşdırma işləri tamamlanıb”, - o bildirib Gülnar Nazimqızı
Mənbə: anews.az