Image

Emmanuel: Media şəhərlərin dayanıqlığının gücləndirilməsində mühüm rol oynayır

Media iqlim riskləri, fəlakətlərə hazırlıq və şəhər dayanıqlığı barədə ictimai maarifləndirmənin əsas alətlərindən biridir. Bunu İqlim Dəyişikliyi və İnkişaf üzrə Beynəlxalq Təşəbbüsün icraçı direktoru Olimide Idowu Emmanuel Dünya Şəhərsalma Forumu çərçivəsində keçirilən müzakirədə bildirib. Onun sözlərinə görə, radio stansiyaları və digər media platformaları yerli icmaların fəlakətlərə hazırlıq, erkən xəbərdarlıq sistemləri və ətraf mühitin qorunması barədə məlumatlandırılmasında mühüm rol oynaya bilər. Emmanuel qeyd edib ki, qeyri-formal yaşayış məntəqələrinin sakinləri, tullantı toplayanlar, bazar qadınları, nəqliyyat işçiləri və aztəminatlı ailələrin problemləri çox vaxt mediada kifayət qədər işıqlandırılmır. “Bu icmalar iqlim və şəhər risklərinin ön xəttindədir. Onların təcrübəsi görünməz sayılmamalıdır”, - o bildirib. O, iqlim və şəhər jurnalistikasına daha çox investisiya qoyulmasının, hökumətlərin media və məlumatlara çıxışı genişləndirməsinin, həmçinin media, vətəndaş cəmiyyəti, özəl sektor, tədqiqatçılar və şəhər planlaşdırıcıları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Emmanuelin sözlərinə görə, icma əsaslı hekayələrin dəstəklənməsi, insanların real həyatını əks etdirən vizual materialların hazırlanması və rəqəmsal platformalardan erkən xəbərdarlıq, ictimai maarifləndirmə və vətəndaş iştirakı üçün daha səmərəli istifadə olunması vacibdir. “Şəhərlərin gələcəyi yalnız infrastruktur və siyasətdən asılı deyil. Bu gələcək medianın hansı hekayələri danışmasından, kimin səsini gücləndirməsindən və hansı məlumatları prioritet saymasından da asılıdır”, - Emmanuel bildirib Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti