Hazırdadünyada 304 milyon beynəlxalq miqrant mövcuddur
Hazırda dünyada 304 milyon beynəlxalq miqrant mövcuddur. Bu isə dünya əhalisinin təxminən 3,7 faizini təşkil edir.
Onların iqtisadi və sosial töhfələri isə yalnız say göstəricilərindən qat-qat böyükdür.
Eyni zamanda dünya sürətlə urbanizasiya olunur. Hazırda dünya əhalisinin 55 faizdən çoxu şəhərlərdə yaşayır və bu göstəricinin gələcəkdə 68 faizə yüksələcəyi gözlənilir.
Məhz buna görə də Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) olaraq Azərbaycanın Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığımız bizim üçün çox əhəmiyyətlidir. Çünki şəhərləri miqrasiya idarəçiliyinin ön cəbhəsinə çevirən tendensiyaların şahidi oluruq.
Miqrantlar əsasən iş yerlərinin, xidmətlərin, imkanların və sosial əlaqələrin cəmləşdiyi şəhərlərdə məskunlaşırlar.
Lakin şəhərlər eyni zamanda mənzil, infrastruktur, ictimai xidmətlər və sosial həmrəylik üzərində təzyiqlərin hiss olunduğu məkanlardır.
Bu səbəbdən IOM olaraq biz şəhər idarəçiliyinin miqrasiyanı planlaşdırma, xidmətlərin göstərilməsi və dayanıqlılıq strategiyalarına tam şəkildə inteqrasiya etməsinə çağırmağa davam edirik.
Miqrasiya sonradan düşünülən bir məsələ olmamalıdır. O, şəhərlərin mənzil təminatı, nəqliyyat, iqlimə uyğunlaşma, ictimai səhiyyə və sosial inklüzivlik sahələrindəki planlaşdırmasının ayrılmaz hissəsi olmalıdır.
Bu müzakirənin mərkəzində isə bu gün şəhərlərin üzləşdiyi ən mühüm problemlərdən biri dayanır — mənzil məsələsi.
Şəhərlərin inkişafı bərabər şəkildə baş vermir. Bu gün 1,1 milyarddan çox insan qeyri-kafi yaşayış şəraitində yaşayır, təxminən 3 milyard insan isə müxtəlif formalarda mənzil təhlükəsizliyi problemi ilə üzləşir.
Buna görə də Dünya Şəhər Forumunun 13-cü sessiyasının “Dünyanın təhlükəsiz və dayanıqlı şəhərləri və icmaları üçün mənzil təminatı” mövzusu çox aktual və vacibdir.
Mənzil yalnız sığınacaq demək deyil. O, inklüzivliyin, dayanıqlığın və ləyaqətli həyatın təməlidir.
Eyni zamanda bu, uzunmüddətli həllərin əldə olunması və məcburi köçkünlük problemlərinin qarşısının alınması və həlli üçün əsas şərtdir.
Təhlükəsiz və adekvat mənzil olmadan xidmətlərə, dolanışıq vasitələrinə və sosial iştirak imkanlarına çıxış ciddi şəkildə məhdudlaşır.
Adekvart mənzil böhranlardan sonrakı bərpa prosesində də həyati əhəmiyyət daşıyır.
Bu gün dünyanın müxtəlif şəhərləri müxtəlif böhranları idarə edir: məcburi köçkünlük, iqlim dəyişikliklərinin təsirləri, sürətli urbanizasiya və eyni zamanda dayanıqlı inkişaf məqsədlərinə nail olmaq səyləri.
Bu isə fövqəladə hallardan bərpa və davamlı inkişafa keçidi dəstəkləyən, böhranlara həssas şəhər idarəçiliyini tələb edir.
Bu baxımdan yerli idarəetmə orqanları əsas və çox vacib aktorlardır.
Müxtəlif tərəfdaşlarla güclü əməkdaşlıq quran şəhərlər miqrasiyanı daha effektiv, inklüziv və humanist şəkildə idarə etməyə daha yaxşı hazır olurlar.
IOM bu səyləri dəstəkləməyə sadiq qalır.
Biz hər şeyi sıfırdan başlamırıq. Qlobal siyasət çərçivələri artıq aydın əsaslar təqdim edir.
Yeni Şəhər Gündəliyi və Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üzrə Qlobal Pakt hökumətin bütün səviyyələrini və bütün cəmiyyəti əhatə edən yanaşmaların tətbiqini tələb edir.
Yeni Şəhər Gündəliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri üzrə irəliləyişi sürətləndirmək üçün bir yol xəritəsinə sahibik.
Qlobal Pakt isə şəhərləri təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın əsas icraçı tərəfləri kimi qəbul edir.
Bütün bunlar bizə xatırladır ki, mənzil təminatı, inklüziv şəhər planlaşdırılması və xidmətlərə bərabər çıxış seçim deyil, zərurətdir.
Effektiv və praktik miqrasiya idarəçiliyi şəhərlərimizin gələcəyi üçün həyati əhəmiyyət daşıyır.
Əgər biz inklüzivliyə, dayanıqlığa və tərəfdaşlığa investisiya qoysaq, şəhərlər imkanların, innovasiyanın və sosial həmrəyliyin mərkəzinə çevrilə bilər; miqrantlar və onları qəbul edən icmalar isə birlikdə inkişaf edə bilərlər.”
Mənbə: anews.az