Bəhram Saleh: Böhrandan sonra bərpa təhlükəsiz mənzildən başlayır
Münaqişələr, zorakılıq və təqiblər nəticəsində dünyada təxminən 117 milyon insan məcburi köçkün vəziyyətinə düşüb, iqlim fəlakətləri isə bu riski daha da artırır. Bunu İraqın keçmiş prezidenti Bəhram Saleh bildirib. O, WUF13 çərçivəsində keçirilən “Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi” mövzusunda çıxışında deyib ki, müvəqqəti sığınacaq bir çox insan üçün uzunmüddətli qeyri-müəyyənliyə çevrilir. Salehin sözlərinə görə, Çad, Braziliya, İordaniya, Kolumbiya, Türkiyə və Suriyada əldə olunan təcrübə göstərir ki, bərpa prosesi insanların təhlükəsiz yaşaya biləcəyi məkanın yaradılması ilə başlayır. “Yetərli mənzil təminatı olmadıqda bərpa zəifləyir, insanların dolanışıq imkanları qeyri-sabit qalır, təhsil və səhiyyəyə çıxış çətinləşir”, — o bildirib. Keçmiş prezident qeyd edib ki, bərpa və yenidənqurma siyasətində adekvat mənzil hüququ mərkəzi yer tutmalıdır. Onun sözlərinə görə, ev anlayışı yalnız divarların tikilməsi deyil, torpaqdan istifadə, mülkiyyət və yaşayış hüququnun təmin olunması, insanların ləyaqətlə yaşaması və həyatlarını yenidən qurması üçün hüquqi sənədləşmə deməkdir. Gülnar Nazimqızı
Mənbə: anews.az