Məsim Məmmədov: Qarabağda yenidənqurma dağıdılmış infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır
Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işləri yalnız dağıdılmış infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır, burada əsas məqsədlərdən biri də uzunmüddətli və dayanıqlı yaşayış mühitinin yaradılmasıdır. Bu fikirləri Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov səsləndirib.
O bildirib ki, Qarabağ münaqişəsinin uzun illər davam etməsi nəticəsində bölgədə infrastruktur dağılıb, tarixi və mədəni irsə ciddi zərər dəyib.
Məmmədovun sözlərinə görə, hazırda bölgədə həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri müasir idarəetmə mexanizmləri, ictimai iştirakçılıq və dayanıqlı inkişaf prinsipləri əsasında qurulur.
Xüsusi nümayəndə qeyd edib ki, enerji təminatı, dayanıqlı inkişafın təşviqi və keçmiş məcburi köçkünlərin uzunmüddətli yaşayış şəraiti ilə təmin olunması əsas prioritet istiqamətlərdən biridir.
O vurğulayıb ki, postmünaqişə dövründə bərpa prosesi yalnız fiziki obyektlərin tikintisini deyil, eyni zamanda uzunmüddətli sabitliyin təmin olunmasını və insanların öz yaşayış yerlərinə qayıdışının dəstəklənməsini də əhatə edir.
Aytac Zeynalova
Mənbə: anews.az