İsrailin müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırılıb
İsrailin Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Daniela Qrudski Ekşteyn Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Məlumata görə, çağırış İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin “Global Sumud Flotilla” iştirakçıları ilə bağlı davranışına görə Londonda yaranan narazılıq fonunda baş tutub.
Britaniya XİN bəyan edib ki, nazirin saxlanılan fəalları məsxərəyə qoyduğu görüntülər “insan ləyaqəti və hörmətin ən əsas normalarının pozulmasıdır”. Qurum həmçinin saxlanma şəraiti ilə bağlı ciddi narahatlığını ifadə edərək İsrail hakimiyyətindən izahat tələb edib.
Bəyanatda qeyd olunub ki, Qəzza zolağına humanitar yardım çatdırmağa çalışan donanmanın fəaliyyəti bölgədəki humanitar vəziyyətin ağırlığını nümayiş etdirir və İsrail quru marşrutları vasitəsilə yardımların təhlükəsiz çatdırılmasını təmin etməlidir.
Britaniya Xarici İşlər Nazirliyi əlavə edib ki, missiyada iştirak edən Britaniya vətəndaşlarının ailələri ilə əlaqə saxlanılır və zərurət yaranacağı halda konsulluq dəstəyi göstəriləcək.
Mənbə: anews.az