Image

Azərbaycan–Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirilib

Bakıda Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Tacikistan tərəfdən isə Baş nazirin müavini Usmonali Usmonzoda rəhbərlik edib.

S. Şərifov qeyd edib ki, Prezident İlham Əliyev ilə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında yüksək səviyyəli siyasi dialoq ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verir. Xüsusilə, 2024-cü ildə Tacikistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Tacikistan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edilib. Bildirib ki, Azərbaycanın 2025-ci ilin noyabr ayında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması regionlararası əlaqələrin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

2025-ci ildə Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsinin 84 faiz, strateji əhəmiyyətli tranzit daşımalarının isə 50 faiz artması ilə müşayiət olunan müsbət dinamika təqdir olunmaqla yanaşı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb.

Bu baxımdan Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əlaqələndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin dövlət başçılarının tapşırıqlarının icrası baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Bildirilib ki, ötən ilin noyabr ayında Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistan üzrə ilk ticarət nümayəndəsinin təyin edilməsi ticarət-iqtisadi əlaqələrin genişlənməsinə əlavə impuls verəcək.

İclasda sənaye, investisiya, kənd təsərrüfatı, energetika, nəqliyyat və logistika, tranzit, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib.

Tacikistan şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, sənaye parkları, o cümlədən Ələt Azad İqtisadi Zonası və müasir infrastruktur imkanlarından daha fəal istifadə üçün dəvət edilib.

Samir Şərifov qeyd edib ki, Tacikistanın Orta Dəhliz layihələrinə fəal qoşulması regional əməkdaşlığın və tranzit potensialının genişlənməsinə əlavə imkanlar yaradacaq.

Tacikistanın Baş nazirinin müavini Usmonali Usmonzoda iki ölkə arasında ticarət əlaqələrinin mövcud potensialdan çox yüksək olduğunu vurğulayıb və bundan istifadə etmək üçün hər iki tərəfdə yüksək səviyyədə siyasi iradənin olduğunu qeyd edib. Öz növbəsində U. Usmonzada azərbaycanlı iş adamlarının Tacikistan iqtisadiyyatına sərmayə yatırması üçün hər cür şəraitin olduğunu diqqətə çatdırıb, Azərbaycanın rəsmi nümayəndələrini əlaqələri daha da möhkəmləndirmək, koordinasiyanın çevikliyini təmin etmək, Birgə Komissiyanın növbəti iclasını keçirmək üçün Düşənbəyə səfərə dəvət edib.

İclasın yekununda Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra mühüm sənədlər imzalanıb.

Qeyd olunub ki, bu sənədlər ikitərəfli ticarət-iqtisadi əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsinə və praktiki əməkdaşlığın genişlənməsinə xidmət edəcək.

Mayın 22-də Bakıda Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə keçiriləcək biznes forumu bu mövzuların daha ətraflı müzakirə edilməsi, yeni imkanların aşkar edilməsi üçün əlverişli fürsət yaradacağına əminlik bildirilib.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb