BP BTC-nin operatorluğunu iyulun 1-dən SOCAR-a təhvil vermək üzrə qrafikə uyğun irəliləyir
BP Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatorluğunun iyulun 1-dən SOCAR-a təhvil verilməsi ilə bağlı müqavilə öhdəliyinin icrasını qrafikə uyğun davam etdirir. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib. “Biz iyulun 1-i üzrə müqavilə öhdəliyinin icrasında yaxşı irəliləyiş əldə etmişik və qrafikə uyğun hərəkət edirik”, - Kristofoli deyib. O vurğulayıb ki, bu proses BP-nin layihədən çıxması anlamına gəlmir. “Qeyd etmək istəyirəm ki, bu, müqavilə öhdəliyidir. Bu, BP-nin layihədən çıxması deyil. Söhbət sadəcə müqavilə öhdəliyinin yerinə yetirilməsindən gedir”, - o bildirib. Kristofoli SOCAR-ın operator kimi fəaliyyətə başlamasını müsbət qiymətləndirdiyini qeyd edib. “Biz SOCAR-ı operator qismində görməkdən məmnunuq. Bu keçidlə bağlı çox əhatəli hazırlıq işləri aparmışıq. SOCAR-ın boru kəmərini uğurla idarə etmək üçün həm təcrübəsi, həm də imkanları var”, - BP rəsmisi əlavə edib. N.Təbrizli
Mənbə: anews.az