Image

"Azeri Light" nefti 4,8% ucuzlaşıb

Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı xam neftinin qiyməti 4,82 ABŞ dolları və ya 4,82% azalaraq bir barel üçün 95,27 ABŞ dollarına enib.

Bazar iştirakçılarının məlumatına görə, beynəlxalq etalon hesab olunan "Brent" markalı neftin avqust fyuçersləri son hərraclarda 93,76 ABŞ dollarından satılıb.

Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan terminalında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin qiyməti də enərək bir barel üçün 92,95 ABŞ dolları təşkil edib. Bu, əvvəlki göstərici ilə müqayisədə 4,72 ABŞ dolları və ya 4,83% azalma deməkdir.

Azərbaycan hökuməti 2026-cı il dövlət büdcəsinin gəlir və xərclər proqnozlarını hazırlayarkən neftin orta qiymətini bir barel üçün 65 ABŞ dolları səviyyəsində götürüb.

"Azeri Light" Azərbaycanın əsas ixrac neft markasıdır və yüksək keyfiyyətinə görə adətən "Brent" markasına nisbətən premium qiymətlə satılır. Neft əsasən Xəzər dənizində yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan hasil edilir.

AÇG layihəsi üzrə tərəfdaşlar arasında Azərbaycanın dövlət neft şirkəti SOCAR da yer alır və şirkətin layihədəki payı 31,65% təşkil edir.

"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də COVID-19 pandemiyası dövründə 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.

Aytac 

Mənbə: anews.az

Xəbər lenti

Şahbuza dolu yağıb