Azərbaycan və Avstriya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Bakı şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Avstriyanın Federal Xarici İşlər və Avropa Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Avstriya nümayəndə heyətinə isə Avstriyanın Federal Xarici İşlər və Avropa Nazirliyinin konsulluq məsələləri üzrə baş direktorunun müavini Rene Amri rəhbərlik edib.
Tərəflər konsulluq sahəsində əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini, yeni ikitərəfli sənədlərin imzalanması imkanlarını, həmçinin konsulluq xidmətlərinin rəqəmsallaşdırılması məsələlərini müzakirə ediblər.
Görüşdə baxılmaqda olan bir sıra sənəd layihələri üzrə fikir mübadiləsi aparılıb, eləcə də konsulluq sahəsində son yeniliklər barədə məlumat verilib.
Bundan əlavə, Azərbaycan və Avstriya arasında hüquqi yardım, təhsil, miqrasiya və əmək sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflər müzakirə olunub.
Azərbaycan daha əvvəl iyunun 6-da İspaniya, iyunun 8-də isə Suriya ilə ilk konsulluq məsləhətləşmələri keçirib.
Mənbə: anews.az