Image

Deputat: Dövlət maliyyəsinin effektiv idarə olunması milli təhlükəsizlik məsələsinə çevrilib

Dövlət maliyyəsinin səmərəli idarə olunması artıq təkcə maliyyə məsələsi deyil, həm də milli təhlükəsizlik, iqtisadi suverenlik və sosial rifahla birbaşa bağlıdır. Bunu Milli Məclisdə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Azər Əmiraslanov bildirib.

Deputat qeyd edib ki, ötən ildən Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində islahatlara başlanılıb və bu proses rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin formalaşdırılması, eləcə də səmərəli icra və nəzarət mexanizmlərinin yaradılmasını nəzərdə tutur.

"Dövlət maliyyə sistemində islahatlar və effektiv büdcə nəzarəti təşəbbüsü ümumdövlət siyasətidir və həyata keçirilən cənab Prezidentin siyasi iradəsinə əsaslanır. Çünki müasir dövrdə dövlət maliyyəsinin effektiv idarə olunması artıq sadəcə maliyyə məsələsi deyil, bu həm də milli təhlükəsizlik, iqtisadi suverenlik, sosial rifah və dövlətin dayanıqlığı məsələsidir", - Azər Əmiraslanov vurğulayıb.

"Əgər büdcə zərfi hökumətin növbəti il üçün fəaliyyət planını əks etdirirsə, icra edilən hesabat müəyyən edilmiş sosial-iqtisadi siyasətin büdcə hesabına görülmüş işlərinin real nəticələrini göstərir", - o bildirib.

Azər Əmiraslanov qeyd edib ki, büdcə hesabatlılığı yalnız gəlir və xərclərin icrasının qiymətləndirilməsi ilə məhdudlaşmamalıdır.

"Əsas məsələ ayrılmış vəsaitlərlə hansı nəticələrin qazanılması, büdcənin sosial-iqtisadi təsirlərinin müəyyən edilməsi, fiskal dayanıqlığa necə nail olunması, büdcə sistemindəki zəifliklərin növbəti ilin büdcə planlaşdırılmasında nə dərəcədə nəzərə alınması və dövlət proqramlarının hansı səviyyədə icra olunmasıdır", - deputat vurğulayıb.

O bildirib ki, 2025-ci ilin dövlət büdcəsinin icrası ölkənin iqtisadi inkişafına, əhalinin sosial rifahına və milli maraqların təmin olunmasına xidmət edən mühüm maliyyə sənədi kimi xarakterizə oluna bilər.

Deputatın sözlərinə görə, qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənliklərin davam etməsinə baxmayaraq, büdcənin makroiqtisadi sabitlik şəraitində icra olunması onun əsas üstünlüklərindən biri olub.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb