Image

Büdcə vəsaitlərinin yaratdığı nəticələr açıqlanmalıdır - deputat

Azərbaycanda iqtisadi artımın daha dayanıqlı və geniş əsaslar üzərində formalaşdırılması üçün qeyri-neft sektorundakı dalğalanmaların səbəbləri dərindən təhlil edilməli, büdcə idarəçiliyində isə nəticəyönümlü yanaşma gücləndirilməlidir. Bunu Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Mirkişili bildirib.

Deputat qeyd edib ki, uğurlu ölkələrin təcrübəsi ixracyönümlü iqtisadi inkişaf hesabına illik 6-7% iqtisadi artımın əldə edilməsinin mümkün olduğunu göstərir.

“Ölkəmizdə diqqət yetirilməli olan məsələlərdən biri iqtisadi göstəricilərin dalğalı olmasıdır. Xüsusilə qeyri-neft-qaz sektorunda formalaşan artım templərinin dəyişkənliyi bu məsələnin daha dərindən təhlil edilməsini tələb edir. Çünki belə dalğalanmalar investisiyalara, məşğulluğa və dövlət büdcəsinə mənfi təsir göstərir”,  - deputat deyib.

Mirkişili bildirib ki, iqtisadiyyatın əsas yükünün nəqliyyat və ticarət sektorlarının üzərinə düşməsi iqtisadi artımın strukturunda balansın tam formalaşmadığını göstərir.

“Təhlillər göstərir ki, iqtisadiyyatımızda artım əsasən xidmət sektorunun hesabına formalaşır. Halbuki məhsuldarlıq yaradan və əlavə dəyər formalaşdıran sahələrin inkişafı daha sürətli olmalıdır”, -  o qeyd edib.

Deputat büdcə hesabatlılığında nəticəyönümlü yanaşmanın gücləndirilməsinin vacibliyini də vurğulayıb.

“Biz büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı geniş məlumatlar alırıq. Bu faydalıdır. Amma ayrılan vəsaitlərin hansı nəticələri yaratdığı barədə daha geniş məlumatların təqdim olunması daha effektiv olardı. Hesab edirəm ki, büdcə idarəçiliyinin növbəti mərhələsi nəticələrin ölçülməsinə keçid olmalıdır”, – Mirkişili bildirib.

O, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən xüsusi nümayəndəlik institutlarının maliyyə imkanlarının genişləndirilməsini təklif edib.

“Son günlər Qarabağ iqtisadi rayonunda sakinlər, sahibkarlar və xüsusi nümayəndəliklərlə görüşlərdə iştirak etmişəm. Həmin ərazilərdə iqtisadi canlanma müşahidə olunur. Hesab edirəm ki, xüsusi nümayəndəlik institutlarının sərbəst gəlir mənbələrinin formalaşdırılması üçün qanunvericilikdə müəyyən dəyişikliklərə ehtiyac var. Bu, onların fəaliyyətini daha çevik və effektiv edə, eyni zamanda dövlət büdcəsinin yükünü azalda bilər”, - deputat deyib.

Mirkişili inflyasiya məsələsinə də toxunaraq qiymət artımlarına həm xarici, həm də daxili amillərin təsir etdiyini bildirib.

“İnflyasiyanın idarə olunması istiqamətində hökumət və Mərkəzi Bank arasında koordinasiyanın gücləndirilməsi vacibdir”, – o vurğulayıb.

Gülnar Nazimqızı 

 

Mənbə: anews.az

Xəbər lenti