Image

Nazir: Dövlət büdcəsi xərclərinin 40%-i sosial sahənin maliyyələşdirilməsinə yönəldilib

Azərbaycanın 2025-ci il dövlət büdcəsi xərclərinin təxminən 40%-i və ya 15,3 milyard manatı sosialyönlü tədbirlərin maliyyələşdirilməsinə sərf olunub. Bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, sosialyönlü xərclər 2024-cü illə müqayisədə 602 milyon manat artıb.

Ayrılan vəsaitlər əməkhaqları, pensiyalar, sosial müavinətlər, təqaüdlər və digər sosial təminat tədbirlərinin maliyyələşdirilməsinə yönəldilib.

Sahil Babayev qeyd edib ki, ötən il həyata keçirilən növbəti sosial islahat paketi çərçivəsində minimum əməkhaqqı, minimum pensiya, sosial müavinət və təqaüdlər artırılıb. Onun sözlərinə görə, bu tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 400 milyon manatdan çox vəsait ayrılıb.

Nazir əlavə edib ki, son beş il ərzində Azərbaycanda sosialyönlü büdcə xərcləri ümumilikdə 3,9 milyard manat artıb ki, bu da hökumətin sosial müdafiə və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində siyasətinin davam etdiyini göstərir.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti