Deputat dağ kəndlərində kommunal tariflərin azaldılmasını təklif edir
Azərbaycanda daxili miqrasiyanın qarşısının alınması və regionlarda əhalinin saxlanılması üçün sərhəd və dağ kəndlərində xüsusi tarif siyasəti tətbiq edilməlidir. Bunu Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc bildirib.
“İnsanlar kəndlərdən şəhərlərə üz tutur, məktəblər və tibb məntəqələri istifadəsiz qalır, minlərlə hektar torpaq sahəsi becərilmədən qalır. Eyni zamanda paytaxtda yol qovşaqlarına, tunellərə, mənzil və əmək bazarına daha çox vəsait yönəldilir”, - deputat deyib.
Onun sözlərinə görə, sərhəd və dağ kəndlərində əhalinin yaşayışını stimullaşdırmaq üçün kommunal xidmətlər üzrə diferensial tariflər tətbiq oluna bilər.
“Elektrik, qaz, su və internet tariflərini bir neçə dəfə azaltmaqla ilin 6-8 ayını sərt iqlim şəraitində keçirən dağ və sərhəd kəndlərində həyat şəraitini dəyişmək mümkündür. Bir kənddə yaşayan fermerlə Bakıda çalışan ofis işçisi eyni kommunal tarif ödəyirsə, paytaxtda mənzil və əmək bazarındakı qeyri-mütənasiblik davam edəcək”, – deputat bildirib.
Bundan əvvəl Milli Məclisdə dağ kəndlərində kommunal xərclərin şəhərlərə nisbətdə azaldılması təklifləri səslandırılıb.
Gülnar Nazimqızı
Mənbə: anews.az