Deputat AAYDA-ya çağırış edib - körpü ilə bağlı təcili addımlar atılmalıdır
Göygöl rayonu ərazisində Yeni Zod–Çaykənd–Qarabulaq–Quşçu–Sarısu avtomobil yolunun 4-cü kilometrliyində yerləşən və 1960-cı illərdə inşa edilmiş körpü qəzalı vəziyyətdədir. Bunu Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Kamran Bayramov bildirib.
“Körpünün dayaq və daşıyıcı konstruksiyalarında ciddi aşınma və dağılmalar müşahidə olunur. Yol örtüyündə çökmələr, kənar hissələrdə sürüşmələr baş verir. Dağlıq ərazi və sel sularının təsiri nəticəsində körpünün uçma ehtimalı olduqca yüksəkdir”, – deputat deyib.
Bayramovun sözlərinə görə, həmin avtomobil yolu beş yaşayış məntəqəsinin və təxminən 5 min nəfər əhalinin rayon mərkəzi ilə yeganə nəqliyyat əlaqəsini təmin edir.
“Yaz və yay aylarında yağıntıların artması vəziyyəti daha da təhlükəli edir. Aidiyyəti qurumların problemi təxirəsalınmadan araşdırmasını və zəruri tədbirlər görməsini xahiş edirəm”, – o bildirib.
Deputat xüsusilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi-ni körpünün vəziyyəti ilə bağlı təcili addımlar atmağa çağırıb.
Gülnar Nazimqızı
Mənbə: anews.az