Netanyahu İlham Əliyevi təbrik edib
İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Netanyahu təbrik məktubunda Azərbaycan və İsrail arasında dostluq münasibətlərinin illər ərzində möhkəmləndiyini bildirib.
O, Prezident Əliyevin regional sabitliyin möhkəmləndirilməsi, sülhün təşviqi və ekstremizmə qarşı mübarizə istiqamətindəki səylərini yüksək qiymətləndirdiyini qeyd edib.
İsrail hökumət başçısı Azərbaycanın İsrailə dəstəyinə və 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra nümayiş etdirdiyi həmrəyliyə görə təşəkkürünü ifadə edib.
Netanyahu iki ölkə arasında münasibətlərin, o cümlədən süni intellekt, aviasiya, turizm və akademik sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. O, həmçinin Azərbaycan-İsrail Birgə Komissiyasının növbəti iclasının keçirilməsini səbirsizliklə gözlədiyini bildirib.
Baş nazir məktubunda Prezident Əliyevə, ailəsinə və Azərbaycan xalqına firavanlıq və uğurlar arzulayıb.
Mənbə: anews.az