İsveçrədə əhali sayının məhdudlaşdırılması ilə bağlı referendum keçirilib
İsveçrədə iyunun 14-də ölkə əhalisinin sayının məhdudlaşdırılmasını nəzərdə tutan referendum keçirilib.Bu barədə "Reuters" xəbər verir.
Mərkəz-sağçı İsveçrə Xalq Partiyasının təşəbbüsü ilə Konstitusiyaya 2050-ci ilədək ölkə əhalisinin sayının 10 milyon nəfəri keçməməsini nəzərdə tutan düzəliş təklif olunub.
Rəsmi proqnozlara əsasən, mövcud demoqrafik artım tempi davam edərsə, İsveçrə əhalisinin sayı 2040-cı illərin əvvəllərində 10 milyona çata bilər. Güclü əmək bazarının təsiri ilə son illərdə ölkədə əhali artımı sürətlənib. 2025-ci ilin sonuna olan məlumata görə, İsveçrədə 9,1 milyon nəfər yaşayırdı və onların təxminən 27 %-i ölkə vətəndaşı deyildi.
Təşəbbüsə əsasən, əhalinin sayı 9,5 milyon nəfəri keçərsə, parlament sığınacaq və ailələrin birləşməsi qaydalarının sərtləşdirilməsini nəzərdən keçirməli olacaq. Əhali 10 milyon nəfərə çatdıqda isə Avropa İttifaqı ilə şəxslərin sərbəst hərəkəti haqqında sazişlərin ləğvi tələb ediləcək.
İctimai rəy sorğuları təklifin az fərqlə rədd ediləcəyini göstərir. Hökumət və biznes dairələri təşəbbüsün iqtisadiyyata mənfi təsir göstərə, rifah səviyyəsini zəiflədə və Avropa ilə təhlükəsizlik sahəsində əməkdaşlığa risk yarada biləcəyini bildirərək ona qarşı çıxırlar.
Onların fikrincə, İsveçrə iqtisadiyyatının səhiyyə, tikinti və elmi tədqiqatlar da daxil olmaqla bir sıra sahələri xarici işçi qüvvəsindən, xüsusilə də Aİ ölkələrindən gələn əmək miqrantlarından asılıdır.
ABŞ Prezidenti Donald Tramp administrasiyasının İsveçrə məhsullarına tətbiq etdiyi yüksək tariflər fonunda əhalinin artım tempinin zəifləməsi şirkətlərin uzunmüddətli planlaşdırmasını çətinləşdirə bilər. Bununla belə, İsveçrə Xalq Partiyasının deputatı Thomas Matter ölkədə rifah artımının immiqrasiya səviyyəsi ilə uyğunlaşmadığını və bu prosesin sürətinin azaldılmasının zəruri olduğunu bildirib.
Mənbə: anews.az