Almaniyada işçi qüvvəsi çatışmazlığının 2036-cı ilədək 4,3 milyona çatacağı gözlənilir
Almaniyada işçi qüvvəsi çatışmazlığının 2036-cı ilə qədər 4,3 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Bu barədə Almaniya İqtisadiyyat İnstitutunun (IW) araşdırmasında bildirilir.
İnstitutun hesablamalarına görə, çatışmazlığın əsas səbəbləri müharibədən sonrakı dövrdə doğulmuş "baby boomer" nəslinin kütləvi şəkildə əmək bazarını tərk edərək təqaüdə çıxması və ölkəyə miqrasiya axınının zəifləməsidir.
Ekspertlər xəbərdarlıq edirlər ki, mövcud tendensiya davam edərsə, Almaniya iqtisadiyyatı bir sıra sektorlarda kadr çatışmazlığı ilə üzləşəcək və bu, iqtisadi artımın tempinə mənfi təsir göstərə bilər.
Araşdırmada qeyd olunur ki, əmək bazarında tarazlığın qorunması üçün işçi qüvvəsinin iştirak səviyyəsinin artırılması, xüsusilə qadınların və yaşlı insanların məşğulluğunun genişləndirilməsi, eləcə də xarici ixtisaslı mütəxəssislərin ölkəyə cəlb olunmasının sadələşdirilməsi vacib olacaq.
Almaniya Avropanın ən böyük iqtisadiyyatına malik olsa da, son illərdə demoqrafik dəyişikliklər və əhalinin qocalması əmək bazarında ciddi çağırışlar yaradıb. Ölkə hökuməti ixtisaslı xarici işçilərin cəlb edilməsini asanlaşdırmaq üçün son illərdə miqrasiya və əmək qanunvericiliyində bir sıra dəyişikliklər edib. Buna baxmayaraq, sənaye, səhiyyə, tikinti və informasiya texnologiyaları sektorlarında kadr çatışmazlığı Almaniya iqtisadiyyatının əsas problemlərindən biri olaraq qalır.
Gülnar Nazimqızı
Mənbə: anews.az