AIIB beş ildə kreditləşməni iki dəfə artırmağı planlaşdırır
Asiya İnfrastruktur İnvestisiya Bankı növbəti beş ildə kreditləşməni iki dəfə artırmağı və yaşıl, rəqəmsal infrastruktura dəstəyi genişləndirməyi planlaşdırır. Bunu bankın vitse-prezidenti və korporativ katibi Şerard Kauper-Koulz bildirib. Onun sözlərinə görə, ötən il bankın kredit portfelinin 70%-i yaşıl layihələrə yönəlib. Kauper-Koulz əlavə edib ki, AIIB-in hazırda 111 üzvü var və Afrika, eləcə də Latın Amerikasından bir sıra ölkələr banka qoşulmaq istəyir. O bildirib ki, bəzi ölkələrdə rəsmi inkişaf yardımının azalması fonunda inkişaf bankları qarışıq maliyyələşdirmədən istifadə etməli, özəl kapitalı səfərbər etməli və rəqəmsal maliyyəni genişləndirməlidir. Kauper-Koulz qeyd edib ki, infrastruktur yalnız yollar, limanlar və körpülərdən ibarət deyil, həm də müasir iqtisadiyyatları dəstəkləyən rəqəmsal, səhiyyə və təhsil infrastrukturlarını əhatə edir. O əlavə edib ki, AIIB İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa hazırdır və layihələrin hazırlanmasından icrasına qədər texniki dəstəyi artıracaq. N.Tebrizli
Mənbə: anews.az