İİB Qrupu 139 milyard dollardan çox ticarət və investisiya əməliyyatını sığortalayıb
İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC) 1994-cü ildən bu günədək 51 üzv ölkədə 139 milyard ABŞ dollarından çox ticarət və investisiya əməliyyatını sığortalayıb.
Bu barədə İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Bakıda İİB Qrupunun İllik Toplantısının ikinci günü çərçivəsində keçirilən “Özəl Sektor Forumu 2026: Açılış Mərasimi”ndə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sığortalanan əməliyyatların təxminən 57 milyard ABŞ dolları üzv ölkələr arasında həyata keçirilən ticarət və investisiya layihələrinin payına düşür.
Əl-Casir qeyd edib ki, təkcə 2025-ci ildə ICIEC təxminən 6 min kiçik və orta sahibkarlıq subyektinin maliyyəyə çıxış imkanlarını genişləndirib, 294 mindən çox iş yerinin dəstəklənməsinə töhfə verib və ərzaq təhlükəsizliyi, enerji, səhiyyə və digər mühüm sahələr üzrə 890 milyon dollar dəyərində mal və xidmətlərin təmin edilməsinə şərait yaradıb.
İİB Qrupunun sədri bildirib ki, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) fəaliyyətə başladığı vaxtdan bəri 41 ölkədə 450-dən çox layihəni maliyyələşdirib. Bu layihələr üzrə ümumi təsdiqlənmiş maliyyələşdirmə həcmi 7,1 milyard ABŞ dollarını ötüb.
O əlavə edib ki, Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) yaradıldığı gündən etibarən təxminən 20 milyard ABŞ dolları həcmində ticarət maliyyələşdirilməsi təqdim edib və üzv ölkələrdə ixrac potensialının artırılmasına, eləcə də qarşılıqlı ticarətin genişlənməsinə dəstək göstərib.
Məhəmməd Süleyman Əl-Casir vurğulayıb ki, İslam İnkişaf Bankı Qrupu özəl sektoru inkişafın əsas hərəkətverici qüvvəsi hesab edir və inklüziv, dayanıqlı iqtisadi artımın təmin olunması üçün investisiyaların cəlbi, risklərin azaldılması və ticarətin təşviqi istiqamətində fəaliyyətini davam etdirəcək.
Aytac Zeynalova
Mənbə: anews.az