Image

Deputat Bakı Fond Birjası və brokerlərin kraudfandinq ekosisteminə cəlb edilməsini təklif edib

Milli Məclisdə innovasiya və investisiya mühitinin inkişafına dair qanunvericilik dəyişikliklərinin müzakirəsi zamanı deputat Əlibala Məhərrəmov qanun layihəsində Bakı Fond Birjasının və broker institutlarının roluna daha geniş yer verilməsinin məqsədəuyğun olduğunu açıqlayıb. 

Deputatın sözlərinə görə, beynəlxalq təcrübədə investisiya bazarlarının formalaşması və inkişafında brokerlər mühüm funksiyanı yerinə yetirirlər.

“Bakı Fond Birjasının və ölkədə fəaliyyət göstərən brokerlərin bu prosesə cəlb olunması faydalı ola bilər. Bu sahədə fəaliyyət göstərən mütəxəssislərin təcrübəsindən istifadə edilməlidir”, - o qeyd edib.

Məhərrəmov həmçinin səhmdar cəmiyyətlərin inkişafı və səhmlərin dövriyyəsi ilə bağlı mövcud mexanizmlərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

“Dünyada investorlar üçün səhmlər daha cəlbedici investisiya alətlərindən hesab olunur. Buna görə də səhmdar cəmiyyətlərin inkişafı və səhmlərin effektiv dövriyyəsi üçün daha müasir mexanizmlərin yaradılması vacibdir”, – deputat bildirib.

Onun fikrincə, yeni maliyyələşmə alətlərinin tətbiqi ilə yanaşı, kapital bazarının mövcud institutlarının imkanlarından istifadə olunması investisiya mühitinin daha da inkişafına töhfə verə bilər.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti