Image

Deputat: Azərbaycanda startaplar haqqında ayrıca qanun layihəsinə ehtiyac var

Azərbaycanda startaplar haqqında ayrıca qanunun hazırlanmasına ehtiyac var. Bunu deputat Rövşən Muradov deyib. 

Deputat qeyd edib ki, müzakirə olunan qanun layihəsi innovasiya mühitinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır, lakin startap fəaliyyətinin tənzimlənməsi üçün ayrıca hüquqi çərçivəyə də ehtiyac var.

“Bu gün Azərbaycanın belə qanun layihələrinə ehtiyacı var. Amma eyni zamanda startaplar haqqında ayrıca qanun layihəsinin hazırlanması məsələsi də nəzərdən keçirilməlidir. Hesab edirəm ki, gələcək müzakirələrdə bu istiqamətə də diqqət yetirilməlidir”, – deputat deyib.

Onun sözlərinə görə, ölkədə startap ekosistemi hələ arzuolunan səviyyədə formalaşmayıb və bu sahənin inkişafı üçün əlavə təşviq mexanizmlərinə ehtiyac var.

Deputat xarici mütəxəssislərin ölkəyə cəlb edilməsini müsbət qiymətləndirsə də, əsas diqqətin yerli kadr potensialının inkişafına yönəldilməsinin vacibliyini vurğulayıb.

“Xaricdə təhsil almış və peşəkar təcrübə qazanmış mütəxəssislərin biliklərini yerli universitetlərdə və innovasiya ekosistemində paylaşması vacibdir. Biz öz insan kapitalımızı gücləndirməliyik”, – o bildirib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti