Image

Cabbarov: TRIPP layihəsi Orta Dəhlizin səmərəliliyini artıracaq

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və beynəlxalq səviyyədə TRIPP (Transport Route for International Peace and Prosperity - Beynəlxalq Sülh və Rifah Nəqliyyat Marşrutu) adı ilə tanıdılan nəqliyyat layihəsi həm Azərbaycan ixracı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. İslam İnkişaf Bankının Bakıda keçirilən illik toplantıları çərçivəsində təşkil olunmuş dialoqda çıxış edən nazir qeyd edib ki, layihə Orta Dəhlizin səmərəliliyini artıracaq və Mərkəzi Asiya, Çin, Türkiyə və Avropa arasında nəqliyyat əlaqələrini gücləndirəcək. Cabbarovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yaradılan iki sənaye zonasından biri məhz nəqliyyat və logistika sahəsinə yönəlib. Nazir bildirib ki, kənd təsərrüfatı və turizmlə yanaşı, azad edilmiş ərazilərin sənayeləşdirilməsi də əsas prioritetlərdən biridir. Onun sözlərinə görə, Ağdam Sənaye Parkı fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, rezidentlərin sayına görə artıq ölkədə ikinci yerdədir. Cabbarov vurğulayıb ki, dövlət investisiyaları ilə özəl sektorun, o cümlədən xarici investorların artan marağının birləşməsi gələcəkdə də dəstəklənəcək inkişaf modelidir. N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti