Image

İranlı müğənni hicabsız çıxışa görə 74 şallaq cəzasına məhkum edilib

İranda müğənni Parasta Əhmədi və onun prodüser qrupunun səkkiz üzvü hicab qaydalarını pozaraq çıxış etdiklərinə görə 74 şallaq cəzasına məhkum olunublar.

Qərar Qum Vilayət Məhkəməsi tərəfindən qəbul edilib. Yerli məhkəmə sənədlərinə istinadən yayılan məlumatlara görə, təqsirləndirilən şəxslərə həmçinin iki il müddətinə ölkədən çıxış və sənət fəaliyyəti ilə məşğul olmaq qadağası qoyulub.

Sənətçilər internetdə “kobud və əxlaqsız məzmun” yaymaqda və ictimai əxlaqı təhqir etməkdə ittiham ediliblər.

İş 2024-cü ilin dekabrında baş verən hadisə ilə bağlıdır. Həmin vaxt 29 yaşlı Parasta Əhmədi “YouTube” platformasında canlı yayımlanan konsert zamanı hicabsız şəkildə “Az Khoone Javanane Vatan” adlı vətənpərvərlik mahnısını ifa edib. Video qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və milyonlarla baxış toplayıb.

Məlumata görə, videonun yayımlanmasından sonra müğənni və bir neçə musiqiçi qısa müddətə saxlanılıb, daha sonra isə onlara qarşı cinayət işi açılıb.

İnsan hüquqları müdafiəçiləri məhkəmə qərarını tənqid ediblər. İranda İnsan Haqları Mərkəzinin insan haqları üzrə direktoru Bahar Qandehari bildirib ki, hökm ölkədə insan hüquqları sahəsində vəziyyətin dəyişmədiyini göstərir.

“Bu qərar hakimiyyətin təqdim etdiyi mənzərə ilə reallıq arasındakı fərqi nümayiş etdirir”, – Qandehari qeyd edib.

İranda qadınlar üçün məcburi hicab qaydaları qüvvədə qalır və bu tələblərin pozulması inzibati və cinayət məsuliyyəti yarada bilər. 2022-ci ildə gənc qadın Məhsa Əmininin ölümündən sonra ölkədə hicab qanunlarına qarşı geniş etiraz aksiyaları keçirilmişdi. Buna baxmayaraq, İran hakimiyyəti ictimai yerlərdə və mediada hicab qaydalarının icrasına nəzarəti davam etdirir.

Mənbə: anews.az

Xəbər lenti