Image

Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan və İordaniya arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib, siyasi, iqtisadi, humanitar və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğunu deyib.

Dövlət başçısı Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında İordaniya parlamenti sədrinin iştirakının ikitərəfli münasibətlərin inkişafına və qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini qeyd edib.

Mazen Torki Saud Əl-Qadi İordaniya Kralı II Abdullahın salamlarını Prezident İlham Əliyevə çatdırıb. Azərbaycan Prezidenti salamlara görə təşəkkür edib və öz növbəsində salamlarını İordaniya Kralına çatdırmağı xahiş edib, həmçinin onu Azərbaycana səfərə dəvət edib.

İordaniya parlamentinin sədri iki ölkə arasında münasibətlərin dövlət başçıları səviyyəsində siyasi iradə nəticəsində uğurla inkişaf etdiyini bildirib. O, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətini və Fələstin məsələsində mövqeyini yüksək qiymətləndirib.

Mazen Torki Saud Əl-Qadi, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası münasibətilə təbriklərini çatdıraraq, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərini qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyini daim dəstəklədiyini və Fələstin məsələsində paytaxtı Şərqi Qüds olmaqla iki dövlətli həll prinsipini müdafiə etdiyini bildirib.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb