Pakistanın xarici işlər naziri ABŞ-İran danışıqlarının təfərrüatlarını açıqlayıb
ABŞ və İran danışıqlar zamanı Tehranın mövcud uran ehtiyatlarının zənginləşdirmə səviyyəsinin azaldılması barədə razılığa gəliblər.Bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına müsahibəsində bildirib.
Nazir deyib ki, ABŞ İranın nüvə materiallarının ölkədən çıxarılmasını tələb edib, lakin tərəflər sonda zənginləşdirmə səviyyələrinin azaldılması barədə razılaşıblar. Onun sözlərinə görə, İranın nüvə ehtiyatları hələ də yeraltı obyektlərdə saxlanılır.
İshaq Dar əlavə edib ki, Vaşinqton və Tehran diplomatiyanın yeganə çıxış yolu olduğu qənaətinə gəliblər.
Onun sözlərinə görə, İran növbəti 60 gün ərzində Hörmüz boğazından keçən gəmilərdən tranzit rüsumları almayacaq. O bildirib ki, “boğazdakı vəziyyət müharibədən əvvəlki rejimə qaytarılmalıdır” və Çin də sərbəst keçidi dəstəkləyir.
Nazir qeyd edib ki, ABŞ-İran danışıqları çərçivəsində yaradılan üç texniki qrup nüvə proqramı, Livandakı vəziyyət və İran aktivlərinin dondurulmasının aradan qaldırılması məsələlərini müzakirə edir.
O həmçinin İsrailin Livandakı fəaliyyətini tənqid edərək onu təxribat adlandırıb və gərginliyin azaldılması çağırışı edib.
İshaq Dar bildirib ki, Misir, Səudiyyə Ərəbistanı və Türkiyə ilə Qəzza zolağında münaqişənin həlli istiqamətində diplomatik təşəbbüslərin canlandırılması barədə razılıq əldə olunub.
Mənbə: anews.az