İran heyəti Trampın təhdidləri fonunda danışıqlar məkanını tərk edib - Yenilənib
İsveçrədə ABŞ və İran arasında aparılan danışıqlar İran nümayəndə heyətinin Donald Trampın açıqlamalarına etiraz olaraq görüş yerini tərk etməsindən sonra dayandırılıb.Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentlik danışıqlar qrupuna yaxın mənbəyə istinadən qeyd edib ki, hazırda prosesin gələcək taleyi qeyri-müəyyəndir.
“Al Hadath” telekanalı isə İranın ABŞ-dən qarşılıqlı təhdidlərin yolverilməzliyini nəzərdə tutan memorandumun icrasını tələb etdiyini yazıb.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, Tehran Hörmüz boğazını açmasa və regiondakı müttəfiq qüvvələrin fəaliyyətini məhdudlaşdırmasa, İrana qarşı “sərt addımlar” atılacaq.
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf isə sosial şəbəkə paylaşımında ölkənin silahlı qüvvələrinin bütün təhdidlərə cavab verməyə hazır olduğunu vurğulayıb.
***
İsveçrədə ABŞ və İran arasında Qətər və Pakistanın vasitəçiliyi ilə danışıqlar başlayıb. Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatına görə, ABŞ, İran, Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli komitənin ilk iclası keçirilib.
Rəsmi Doha bildirib ki, görüşlərin ABŞ və İran arasında əldə edilmiş anlaşma memorandumunun bütün müddəalarını əhatə edən hərtərəfli və davamlı razılaşmaya töhfə verəcəyi gözlənilir.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari deyib ki, tərəflər yekun razılaşmanın detallarını müzakirə etmək üçün ixtisaslaşmış texniki işçi qrupları yaradıblar.
Onun sözlərinə görə, bu addım tərəflərin danışıqlar prosesini xoşməramlı şəkildə irəli aparmaq niyyətini nümayiş etdirir.
Əl-Ənsari həmçinin Pakistanın vasitəçi rolunu, Vaşinqton və Tehranın diplomatik həllə sadiqliyini, eləcə də Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyənin danışıqlar prosesinə dəstəyini yüksək qiymətləndirib.
***
İran, ABŞ və Qətər nümayəndələri arasında üçtərəfli görüş başlayıb.Bu barədə İranın IRIB dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, tərəflər Livanda atəşkəsin təmin edilməsi və İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması məsələlərini müzakirə edirlər.
İsveçrənin Bürgenstok kurortunda keçirilən danışıqlarda İran nümayəndə heyəti memorandumun beş bəndinin icrasına nail olmağa çalışır. Sənədin qalan üç bəndi ilə bağlı isə məlumat açıqlanmayıb.
İran daha əvvəl bəyan etmişdi ki, Livanda atəşkəs təmin olunmayana qədər ABŞ ilə sanksiyalar və nüvə proqramına dair yeni danışıqlara başlamayacaq.
Mənbə: anews.az