PAŞA Bank və Turkish Airlines Miles&Smiles tərəfdaşlığını üç il uzadıb
PAŞA Bank və Turkish Airlines Miles&Smiles kobrend kart proqramı üzrə əməkdaşlığı daha üç il müddətinə uzadıb. Bunu bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bildirib.
Nağıyevin sözlərinə görə, 2019-cu ildə istifadəyə verilən məhsul üzrə indiyədək 29 mindən çox kart satılıb.
O bildirib ki, proqram çərçivəsində artıq 200-ə yaxın tərəfdaş şəbəkə yaradılıb ki, bu da Azərbaycanda 700-ə yaxın brendin kart istifadəçiləri üçün əlçatan olması deməkdir.
Nağıyev qeyd edib ki, son yeddi ildə müştərilər toplanmış millər hesabına 84 mindən çox aviabilet əldə ediblər.
“Bu məhsul sadəcə kart deyil. Biz müştərilərə dünyanı görmək, səyahət etmək və arzularını reallaşdırmaq imkanı təqdim edirik”, – o deyib.
Bank rəsmisi yaxın illərdə kart istifadəçilərinin sayının 50 minə çatdırılmasını və tərəfdaş şəbəkəsinin daha da genişləndirilməsini hədəflədiklərini bildirib.
N.Təbrizli
Mənbə: anews.az