Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 6,5% səviyyəsində saxlayıb
Azərbaycan Mərkəzi Bankı inflyasiyanın hədəf diapazonunda qalmasını və xarici sektor göstəricilərinin əlverişli olmasını nəzərə alaraq uçot dərəcəsini dəyişməyərək 6,5% səviyyəsində saxlayıb.
Faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində dəyişməz qalıb.
Tənzimləyicinin məlumatına görə, may ayında illik inflyasiya 5,6% təşkil edib və proqnoz trayektoriyasına uyğun hərəkət edib.
Mərkəzi Bank bildirib ki, valyuta bazarında vəziyyət əlverişli olaraq qalır və xarici valyuta təklifi tələbi üstələyir. Yanvar-may aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 1,2 milyard ABŞ dolları və ya 10,4% artaraq 12,7 milyard dollara çatıb.
Ölkənin xarici ticarət saldosu ilin ilk beş ayında 7,2 milyard ABŞ dolları təşkil edib. Xaricdən daxil olan pul baratlarının həcmi isə illik müqayisədə 28,8% artaraq 560,1 milyon dollara yüksəlib.
Tənzimləyici 2026 və 2027-ci illərdə inflyasiyanın hədəf diapazonunda qalacağını gözləyir, lakin qlobal ərzaq, gübrə və nəqliyyat xərclərinin artması fonunda xarici inflyasiya risklərinin yüksəldiyini qeyd edib.
Mərkəzi Bank bank sektorunda izafi likvidliyin daha da artacağını proqnozlaşdırır və bildirib ki, növbəti faiz qərarları inflyasiya proqnozları, makroiqtisadi göstəricilər və likvidlik şəraiti nəzərə alınmaqla qəbul ediləcək.
Faiz dəhlizi üzrə növbəti qərar avqustun 5-də açıqlanacaq.
N.Təbrizli
Mənbə: anews.az