Image

BƏƏ regionda mülki obyektlərə hücumları pisləyib

BƏƏ regionda mülki obyektlərə hücumları pisləyir. Bunu Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrinin birinci müavini Tariq Humaid Matar Al Tayer bildirib.

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının konfransında çıxış edən Al Tayer deyib ki, investisiyalar, iqtisadiyyat və cəmiyyətlər təhlükəsiz və sabit mühitə ehtiyac duyur.

O, BƏƏ, Körfəz ölkələri, İordaniya və regionun digər dövlətlərində təhlükəsizlik mühitini və mülki infrastrukturu hədəf alan hücumları pisləyərək, bunların beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması olduğunu bildirib.

Al Tayer qeyd edib ki, BƏƏ son beş onillikdəki inkişaf təcrübəsindən bir nəticə çıxarıb: sərvət təkbaşına inkişaf yaratmır, əksinə, inkişaf sərvətin dəyərini yenidən müəyyən edir.

Onun sözlərinə görə, insan kapitalına və gələcəyə investisiya qoyan ölkələr qlobal dəyişikliklərə daha yaxşı uyğunlaşa və yeni imkanlardan daha effektiv yararlana bilirlər.

BƏƏ rəsmisi həmçinin Fələstin xalqının qanuni hüquqlarına dəstəyini bir daha ifadə edərək, 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına əsaslanan ədalətli və davamlı sülhün vacibliyini vurğulayıb.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti