Image

Maliyyə naziri: Büdcə vəsaitlərinin icrası üzrə xəzinə nəzarəti gücləndirilib

Azərbaycan 2025-ci ildə dövlət büdcəsi xərclərinin 98 faizini xəzinə müşayiətinə cəlb edib. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Nazir ötən il ayrılmış bəzi vəsaitlərin bank hesablarında qalaraq 2026-cı ilə keçirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, bank hesablarına köçürülən vəsaitlərin əsas hissəsi müxtəlif təşkilatların nizamnamə kapitalının artırılması, publik hüquqi şəxslərin və qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi, həmçinin aqrar sahədə subsidiyaların ödənilməsi ilə bağlı olub. Babayevin sözlərinə görə, qanunvericiliyə əsasən dövlət müəssisələrinin nizamnamə kapitalının artırılması üçün büdcədən ayrılan vəsaitlər onların bank hesablarına köçürülür, il ərzində xərclənməyən hissə isə növbəti illərdə həmin xərclərin maliyyələşdirilməsinə yönəldilir. Nazir bildirib ki, ötən ilin avqust ayınadək publik hüquqi şəxslərin maliyyələşdirilməsi üçün vəsaitlər Maliyyə Nazirliyi tərəfindən onların bank hesablarına köçürülürdü. Qaydalara edilən dəyişiklikdən sonra isə dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılan vəsaitlərin icrası yalnız xəzinə vasitəsilə həyata keçirilməyə başlanıb. Babayev əlavə edib ki, prezidentin 2025-ci il 25 avqust tarixli fərmanı ilə dövlət büdcəsindən təşkilatlara ayrılan vəsaitlərin, büdcə ssudalarının, dövlət sifarişi ilə icra olunan layihələrin, subsidiya və subvensiyaların ünvanlı icrasının dövlət xəzinədarlığı vasitəsilə təmin edilməsi tapşırılıb. “Tapşırığa uyğun olaraq, hesabat dövründə dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib”, - Babayev deyib. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb