Image

Nazir -2029-cu ilədək cari xərclərin qeyri-neft gəlirləri hesabına tam ödənilməsi hədəflənir

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun rolu artmaqda davam edir və hökumət orta müddətli dövrdə büdcənin neft gəlirlərindən asılılığını daha da azaltmağı hədəfləyir. Bunu maliyyə naziri Sahil Babayev deyib. Milli Məclisin plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Sahil Babayev deyib ki, son illər həyata keçirilən islahatlar qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradıb. Onun sözlərinə görə, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil edib ki, bu da ümumi daxili məhsulun 71,5 faizinə bərabərdir. Bu göstərici 2024-cü illə müqayisədə real ifadədə 2,7 faiz artım deməkdir. Nazir qeyd edib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə çatıb. Bu göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 2,8 faiz-bəndi və 2 faiz-bəndi artıb. Sahil Babayev bildirib ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son beş ildə 43,3 faizdən 52 faizə yüksəlib. Onun sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsində bu göstəricinin 57,4 faizə çatdırılması nəzərdə tutulur. Nazir həmçinin qeyd edib ki, hesabat dövründə cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faiz təşkil edib. Bu göstərici proqnozdan 7,5 faiz-bəndi, 2024-cü illə müqayisədə isə 0,2 faiz-bəndi yüksək olub. “Ortamüddətli dövrün sonuna, yəni 2029-cu ilə hədəfimiz bu göstəricinin 100 faizə çatdırılmasıdır”, - Babayev bildirib. Nazirin sözlərinə görə, qeyri-neft sektorunun inkişafı və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması dövlətin əsas prioritet istiqamətlərindən biri olaraq qalır. O əlavə edib ki, qeyri-neft gəlirlərinin artırılması və gəlir mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb