Image

Kriptovalyuta Tramp ailəsinə 1,4 milyard dollardan çox qazandırıb

ABŞ Prezidenti Donald Tramp ötən il ailəsinin kriptovalyuta layihələrindən 1,4 milyard ABŞ dollarından çox gəlir əldə etdiyini açıqlayıb. Bu barədə onun ABŞ Hökumət Etikası Ofisinə təqdim etdiyi maliyyə bəyannaməsinə istinadən Reuters məlumat yayıb.

Sənədə əsasən, Tramp özü və oğulları tərəfindən birgə təsis edilmiş World Liberty Financial kriptovalyuta layihəsindən təxminən 800 milyon dollar gəlir əldə edib. Bu məbləğin 520 milyon dollardan çoxu kriptovalyuta tokenlərinin satışından, 250 milyon dollardan çoxu isə şirkətdəki biznes paylarının satışından formalaşıb.

Bəyannamədə həmçinin qeyd olunur ki, Tramp öz adına buraxılmış "Trump meme coin" (mem sikkəsi) layihəsindən əlavə 635 milyon dollar gəlir əldə edib.

Reuters qeyd edir ki, bu göstəricilər Trampın gəlirlərinin mühüm hissəsinin hazırda administrasiyasının siyasətindən faydalanan rəqəmsal aktivlərdən formalaşdığını göstərir.

Agentliyin məlumatına görə, bu göstərici ötən illə müqayisədə kəskin artım nümayiş etdirir. Belə ki, Tramp əvvəlki maliyyə bəyannaməsində World Liberty Financial tokenlərinin satışından 57,35 milyon dollar gəlir əldə etdiyini açıqlamışdı. Son hesabatda isə bu məbləğ təxminən doqquz dəfə artıb.

Reuters daha əvvəl də hesablamışdı ki, Tramp ailəsi Donald Trampın 2025-ci ildə Ağ Evə qayıdışından sonra kriptovalyuta ilə əlaqəli layihələrdən ümumilikdə azı 2,3 milyard dollar gəlir əldə edib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

"Bitcoin" ucuzlaşıb