Image

QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) indiyədək Azərbaycanda ümumi dəyəri təxminən 500 milyon avro olan layihələri maliyyələşdirib. Bu barədə maliyyə naziri Sahil Babayev QDTİB-nin Bakıda keçirilən Rəhbərlər Şurasının 28-ci illik toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan 1994-cü ildən QDTİB ilə əməkdaşlıq edir və bu müddətdə maliyyələşdirilən layihələr arasında yerli banklar vasitəsilə kiçik və orta biznesə (KOB) ayrılan maliyyə dəstəyi əsas istiqamətlərdən birini təşkil edib.

Sahil Babayev bildirib ki, növbəti mərhələdə Bankla əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Onun sözlərinə görə, Bakıda keçirilən müzakirələrdə Azərbaycan, Cənubi Qafqaz və Qara dəniz regionunda transmilli layihələrin inkişafı, xüsusilə nəqliyyat dəhlizləri və enerji layihələrinin maliyyələşdirilməsi, eləcə də özəl sektora, xüsusən KOB-lara dəstəyin artırılması məsələləri diqqət mərkəzində olub.

Nazir əlavə edib ki, 2025-ci ildə Bankın və region ölkələrinin həyata keçirdiyi investisiya layihələri uğurlu nəticələr verib. Onun sözlərinə görə, QDTİB-nin maliyyə mövqeyi möhkəmlənib, üzv ölkələrin maliyyə reytinqləri isə ya yaxşılaşıb, ya da sabit qalıb.

Aytac Zeynalova 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

"Bitcoin" ucuzlaşıb