Vens İrana qarşı müharibə ehtimalını istisna etməyib
ABŞ İranın nüvə proqramını yenidən bərpa edəcəyi, qonşu ölkələrə təhdid yaradacağı və ya regiondakı silahlı qruplara dəstəyi artıracağı təqdirdə ona qarşı hərbi əməliyyatların bərpasını istisna etmir.
Bu barədə ABŞ-ın vitse-prezidenti J.D. Vens Virciniya ştatının Virciniya Biç şəhərində jurnalistlərə açıqlamasında bildirib.
"İran nüvə proqramını bərpa etməyə, qonşularını təhdid etməyə və ya terrorizmi maliyyələşdirməyə qərar verərsə, prezidentin müxtəlif variantları var. Bunun necə olacağını əvvəlcədən deyə bilmərəm, çünki hər şey İranın atacağı addımlardan asılıdır. Bildiyim odur ki, prezident zərurət və dəqiq müəyyən edilmiş məqsəd olmadan ABŞ hərbçilərini yenidən bölgəyə göndərməyəcək", – Vens deyib.
Onun sözlərinə görə, Vaşinqton və Tehran arasında aparılan texniki məsləhətləşmələr müsbət məcrada davam edir.
"Nəticələr barədə danışmaq hələ tezdir, lakin danışıqlar yaxşı gedir", – ABŞ-ın vitse-prezidenti bildirib.
Mənbə: anews.az