Image

ƏDV depozit hesabından sosial sığorta ödənişlərinin aparılması təklif olunur

Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinə ƏDV depozit hesablarında olan vəsaitlər hesabına məcburi dövlət sosial sığorta haqlarını ödəmək imkanı yaradılması təklif edilir. Layihəni parlamentin iclasında təqdim edən deputat Azər Əmiraslanov bildirib ki, dəyişiklik sahibkarların uzun müddətdir qaldırdığı məsələlərdən birinin həllinə yönəlib. Onun sözlərinə görə, hazırda ƏDV depozit hesabı yalnız əlavə dəyər vergisi üzrə vəsaitlərin hərəkəti və dövlət büdcəsinə köçürülməsi üçün istifadə olunur. Təklif edilən dəyişikliklə isə həmin hesabdan dövlət büdcəsi ilə yanaşı, Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ödənişlərinin həyata keçirilməsi də mümkün olacaq. Deputat qeyd edib ki, qanun layihəsinə əsasən, bu mexanizm 2027-ci il yanvarın 1-dən başlayaraq dörd il müddətində tətbiq ediləcək. Ödənişlərin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Azər Əmiraslanov bildirib ki, ƏDV depozit hesabı kommersiya hesabı deyil, vergi inzibatçılığı aləti olduğundan burada toplanan vəsaitlər yalnız dövlət qarşısında qanunla müəyyən edilmiş maliyyə öhdəliklərinin icrasına yönəldilə bilər. Sosial sığorta haqları da bu öhdəliklərdən biridir. Deputatın sözlərinə görə, dəyişiklik sahibkarlara ƏDV depozit hesablarında olan vəsaitlərdən daha səmərəli istifadə etməyə, sosial sığorta öhdəliklərini vaxtında yerinə yetirməyə və dövriyyə vəsaitlərinin idarə olunmasında əlavə çeviklik əldə etməyə imkan verəcək. O əlavə edib ki, təşəbbüs qeyri-neft-qaz özəl sektorunun dəstəklənməsinə xidmət etməklə yanaşı, dövlətin fiskal maraqları ilə sahibkarların maliyyə imkanları arasında balansın qorunmasına da töhfə verəcək. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti