Image

Kanada Ukraynaya 900 milyon dollarlıq yardım paketi təqdim edəcək

Kanada Ukraynaya hava hücumundan müdafiə (HHM) imkanlarının gücləndirilməsi də daxil olmaqla 900 milyon ABŞ dolları məbləğində yeni hərbi yardım paketi ayırıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Kanadanın Baş naziri Mark Karni ilə keçirdiyi görüşdən sonra bildirib.

Zelenski qeyd edib ki, yardım paketi NATO-nun Prioritised Ukraine Requirements List (PURL) proqramına dəstəyi də əhatə edir və hazırda Ukraynanın ən böyük ehtiyaclarından biri olan HHM sahəsində imkanların genişləndirilməsinə yönəlib.

"İndi bizim, bəlkə də, ən böyük çatışmazlığımız HHM-dir və bu sahədə Kanadadan böyük bir paket aldıq. Buna görə minnətdarıq", – o deyib.

Karni isə bildirib ki, paket yaxın bir neçə ayı əhatə edən orta müddətli dövr üçün nəzərdə tutulub. Onun sözlərinə görə, yardım HHM vasitələri ilə yanaşı, hərbi texnika, döyüş sursatı və digər dəstəyi də əhatə edəcək.

Kanadanın Baş naziri əlavə edib ki, Ottawa Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini və PURL proqramına töhfələrini davam etdirəcək.

Tərəflər görüş zamanı müdafiə, təhlükəsizlik və dayanıqlılıq sahəsində fəaliyyət göstərəcək bankın yaradılması məsələsini də müzakirə ediblər.

Mənbə: anews.az

Xəbər lenti