ABŞ İranın neft sektoruna tətbiq edilən sanksiyaların yumşaldılmasını ləğv edib
ABŞ İranın neft sektoruna tətbiq etdiyi sanksiyaların yumşaldılması ilə bağlı lisenziyanı ləğv edib.Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərara əsasən, iyulun 7-dən etibarən İranın neft, neft məhsulları və neft-kimya məhsulları ilə bağlı yeni əməliyyatların həyata keçirilməsi qadağan olunur. Daha əvvəl bağlanmış müqavilələrin isə iyulun 17-dək tamamlanmasına icazə verilir.
Vaşinqton iyunun sonunda İsveçrədə aparılan danışıqlar fonunda İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının istehsalı, tədarükü və satışına 2026-cı il avqustun 21-dək icazə verən müvəqqəti lisenziya təqdim etmişdi.
Qərar Hörmüz boğazı yaxınlığında üç tankerin hücuma məruz qalmasından sonra qəbul edilib. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) insident barədə məlumat yayıb. Səudiyyə Ərəbistanı İranı "Wadiyan" tankerinə və Qətərə məxsus "Al Rekayyat" gəmisinə hücum etməkdə ittiham edərək bunu beynəlxalq hüququn pozulması və qlobal enerji təchizatına təhlükə kimi qiymətləndirib. Qətər isə İranın Dohadakı səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası təqdim edib.
İranın dövlət teleradio şirkəti IRIB isə iddia edib ki, gəmilərdən biri ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə boğazdan keçməyə cəhd göstərib və dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün hədəfə alınıb. ABŞ tərəfi bu iddianı şərh etməyib.
Mənbə: anews.az