İlham Əliyev iki ölkə ilə birgə komissiyalarla bağlı sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ilə Əlcəzair arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibinin təsdiq edilməsi və Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının tərkibində dəyişikliklə bağlı iki sərəncam imzalayıb.
Prezidentin sərəncamına əsasən, Azərbaycan-Əlcəzair Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri energetika naziri olacaq.
Komissiyanın tərkibinə xarici işlər, iqtisadiyyat, rəqəmsal inkişaf və nəqliyyat, ekologiya və təbii sərvətlər, kənd təsərrüfatı, elm və təhsil, mədəniyyət nazirliklərinin müavinləri, SOCAR-ın vitse-prezidenti, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri və Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri daxil edilib.
Sərəncamla Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə komissiyanın tərkibi barədə Əlcəzair tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.
Prezidentin digər sərəncamı ilə Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilib.
Dəyişikliyə əsasən, komissiyanın tərkibində iqtisadiyyat nazirinin müavini Anar Axundov iqtisadiyyat naziri ilə əvəz olunub.
Xarici İşlər Nazirliyinə bu dəyişiklik barədə Çexiya tərəfinə rəsmi bildiriş göndərilməsi tapşırılıb.
Mənbə: anews.az