Image

Hər kəs telefonla məşğuldur, ailə daxilində ünsiyyət itib - Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova hesab edir ki, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasında valideynlərin hüquqi məsuliyyətinin artırılmasına ehtiyac var.

O, parlament komitələrinin birgə iclasında bildirib ki, rəqəmsal texnologiyalar uşaqlara yeni imkanlar açsa da, eyni zamanda ciddi təhlükələr yaradır.  "Bu gün dünyada məktəb yaşlı hər altı uşaqdan biri kiberzorakılıqla qarşılaşır. Lakin bu, rəqəmsal zorakılığın yalnız bir formasıdır. Kibertəcavüz, kibertrafik, onlayn pedofiliya və yeniyetmələrin onlayn ünsiyyət vasitəsilə intihara sövq edilməsi kimi hallar da dünya miqyasında qeydə alınır. Azərbaycan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, Avropa Şurasının Kibercinayətkarlıq haqqında Konvensiyasına qoşulub. Həmçinin 2024-cü ilin dekabrında qəbul edilmiş BMT-nin Kibercinayətkarlıq haqqında Konvensiyasını ratifikasiya edən ilk ölkələrdən biri olub", – o qeyd edib.

Deputat vurğulayıb ki, ölkədə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun qəbul edilib, İnzibati Xətalar Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib.

O bildirib ki, Prezidentin uşaqların rəqəmsal mühitdə zərərli təsirlərdən qorunmasına dair sərəncamı çərçivəsində sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi, məktəblərdə elektron cihazlardan istifadə qaydalarının müəyyənləşdirilməsi və kibertəhlükəsizlik üzrə tədrisin təşkili nəzərdə tutulur.

Bununla yanaşı, Hicran Hüseynova hesab edir ki, problemin həllində ailənin rolu həlledicidir.

"Biz artıq elə bir mərhələyə çatmışıq ki, valideynlərin də qanun çərçivəsində hüquqi məsuliyyəti artırılmalıdır. Çünki uşaqların müdafiəsi sistemində əsas rol məhz valideynlərə məxsusdur", –  o bildirib.

Deputatın sözlərinə görə, valideynlər uşaqların internetdə nə ilə məşğul olduqlarına, istifadə etdikləri rəqəmsal resurslara və boş vaxtlarını necə keçirdiklərinə daha ciddi nəzarət etməlidirlər.

"Son dövrlərdə görürük ki, ailə üzvlərinin hər biri telefonla məşğuldur. Nə valideynlə uşağın ünsiyyəti var, nə də uşağın internetdə nə etdiyi ilə kifayət qədər maraqlanılır. Bəzi valideynlər üçün uşağın telefonla məşğul olması rahat görünür, amma onun hansı məzmunla qarşılaşdığına diqqət yetirilmir", - Hicran Hüseynova əlavə edib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti