Zahid Oruc: Deepfake və fişinq hücumları yeni hüquqi çağırışlar yaradır
Süni intellekt texnologiyalarının sürətli inkişafı insan hüquqlarının müdafiəsində yeni hüquqi yanaşmalar tələb edir və rəqəmsal hüquqların qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməlidir. Bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.
Zahid Oruc bildirib ki, son aylarda Azərbaycanda qəbul edilən qanunvericilik aktları kibertəhlükəsizlik, informasiya bütövlüyü və vətəndaşların rəqəmsal hüquqlarının müdafiəsinin gücləndirilməsinə xidmət edir. O, deepfake texnologiyalarından qanunsuz istifadəyə görə cinayət məsuliyyətinin müəyyən edilməsini, kibertəhlükəsizlik institutlarının hüquqi əsaslarının möhkəmləndirilməsini və internet informasiya ehtiyatlarında qanunsuz məzmunla mübarizənin təkmilləşdirilməsini vahid dövlət siyasətinin tərkib hissəsi kimi qiymətləndirib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Rəqəmsal İnkişaf Şurası dövlət xidmətlərinin vahid rəqəmsal platformada cəmləşdirilməsini hədəfləyir. Bu çərçivədə vətəndaşlar üçün myGov, sahibkarlar üçün isə myGov Business platformalarının yaradılması nəzərdə tutulur.
Zahid Oruc qeyd edib ki, hazırda e-Sosial, e-TƏBİB və e-Su xidmətləri vahid platformaya tam inteqrasiya olunub, e-Polis, Mobil Notariat, Azərişıq və Reseptim kimi xidmətlərin inteqrasiyasının isə ilin sonunadək başa çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, son üç ay ərzində myGov platformasının istifadəçilərinin sayı 2,7 milyondan 3,5 milyona yüksəlib.
Deputat bildirib ki, növbəti mərhələdə dövlət xidmətlərinin əhəmiyyətli hissəsinin proaktiv modelə keçirilməsi nəzərdə tutulur. Buna nümunə olaraq yaşa görə əmək pensiyasının artıq vətəndaşın müraciəti olmadan avtomatik təyin edilməsini göstərən Zahid Oruc əlavə edib ki, gələcəkdə pasport və sürücülük vəsiqələrinin etibarlılıq müddətinin başa çatması ilə bağlı xəbərdarlıqlar və digər xidmətlər də avtomatik təqdim ediləcək.
Bununla yanaşı, deputat süni intellekt texnologiyalarından cinayət məqsədilə istifadənin sürətlə artdığını vurğulayıb. Onun sözlərinə görə, deepfake texnologiyaları, səs klonlaşdırılması və avtomatlaşdırılmış fişinq hücumları yeni təhlükələr yaradır və bu risklərə qarşı hüquqi mexanizmlər davamlı olaraq təkmilləşdirilməlidir.
Zahid Oruc qeyd edib ki, bu məqsədlə 2026-cı ilin mayında Cinayət Məcəlləsinə əlavə edilmiş yeni maddələrlə şəxsin razılığı olmadan onun səsi və ya görüntüsündən istifadə edilməklə saxta materialların hazırlanması və yayılması cinayət əməli kimi müəyyən edilib.
Deputat çıxışında uşaqların rəqəmsal təhlükəsizliyinə də xüsusi diqqət çəkərək bildirib ki, beynəlxalq araşdırmalar süni intellektdən istifadə edilməklə uşaqların şəkillərinin saxta seksual məzmunlu materiallara çevrilməsi hallarının artdığını göstərir. Onun fikrincə, bu sahədə hüquqi tənzimləmə ilə yanaşı, maarifləndirmə və profilaktik tədbirlər də gücləndirilməlidir.
Gülnar Nazimqızı
Mənbə: anews.az