Image

CNN: Pakistan və Qətər ABŞ-İran danışıqlarını bərpa etməyə çalışır

Pakistan və Qətər ABŞ ilə İran arasında danışıqların bərpası istiqamətində diplomatik səylər göstərir. Bu barədə CNN məlumatlı mənbələrə istinadən xəbər yayıb. 

Bu təşəbbüs ABŞ və İran arasında hərbi əməliyyatların yenidən intensivləşdiyi vaxta təsadüf edir. İyulun 8-nə keçən gecə tərəflər qarşılıqlı hava zərbələrini bərpa edib. ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin qüvvədən düşdüyünü bildirib və Vaşinqtonun Tehranla yeni saziş imzalamağın zəruriliyinə əmin olmadığını deyib. 

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, son əməliyyatlar zamanı ABŞ qüvvələri İranda 90-a yaxın hədəfə zərbələr endirib. Hədəflər arasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə vasitələri, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlər, hərbi dəniz qüvvələrinin infrastrukturu və hərbi logistika obyektləri olub. 

Pakistan Xarici İşlər Nazirliyi isə iyulun 8-i axşam yaydığı bəyanatda tərəfləri təmkinli olmağa, regional sülh və sabitliyi təhlükə altına sala biləcək addımlardan çəkinməyə, həmçinin İslamabad Anlaşma Memorandumu üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb.

Mənbə: anews.az

Xəbər lenti