Image

Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib

ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu bildirilən fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq etməsi Tehranın etirazına səbəb olub.

İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu İslamabad Qarşılıqlı Anlaşma Memorandumunun şərtlərini pozmaqda ittiham edib.

"Qarşılıqlı Anlaşma Memorandumunun 9-cu bəndini pozan ABŞ maliyyə naziri Skott Bessentdən fərqli olaraq, İran indiyədək öhdəliklərinə sadiq qalıb", – Əraqçi bildirib.

Nazirin sözlərinə görə, yeni sanksiyalar ABŞ-nin memorandum üzrə öhdəliklərini pozmasının növbəti nümunəsidir. O vurğulayıb ki, razılaşma yalnız hər iki tərəfin qarşılıqlı şəkildə ona əməl etməsi halında qüvvədə qala bilər və İranın da memoranduma münasibətini yenidən nəzərdən keçirə biləcəyinə işarə edib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də eyni məsələ ilə bağlı ABŞ-ni tənqid etmişdi. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani isə məsələni BMT-də qaldırıb.

ABŞ Maliyyə Nazirliyinin açıqladığı sanksiyalar iranlı iş adamı Əli Ənsari, üç İran şirkəti, həmçinin Honkonq və BƏƏ-də qeydiyyatdan keçmiş bir sıra şirkətləri əhatə edir. Vaşinqton onları İran hakimiyyətinin maliyyə şəbəkələri ilə əlaqəli olmaqda ittiham edir.

Mənbə: anews.az

Xəbər lenti