Peskov: Zelenski Ukrayna qoşunlarını Donbasdan çıxarmaqla müharibəni dayandıra bilər
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna qoşunlarının Donbasdan çıxarılması və ərazidəki mövcud vəziyyətin hüquqi baxımdan tanınması barədə qərar verərsə, Rusiya ilə müharibə qısa müddətdə başa çata bilər. Bunu Kremlin sözçüsü Dmitri Peskov İsveçrənin “Die Weltwoche” nəşrinə müsahibəsində deyib. “Zelenski hakimiyyətə gələrkən xalqına müharibəni bitirəcəyinə söz vermişdi. Bu, onun ilkin vədi idi”, – Peskov bildirib. “O, qoşunlarını Donbasdan, hazırda Rusiyanın bölgələri olan ərazilərdən çıxarmaq və de-fakto mövcud vəziyyəti de-yure tanımaq barədə çox məsuliyyətli qərar qəbul etməklə müharibəni hələ də dayandıra bilər. Bundan sonrakı gün müharibə bitərdi”, – Kremlin sözçüsü əlavə edib. Rusiya Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini öz ərazisinin bir hissəsi elan edib, lakin bu bölgələrin heç birinə tam nəzarət etmir. Ukrayna və əksər dünya ölkələri Rusiyanın həmin ərazilər üzərində suverenlik iddialarını tanımır. Kyiv qoşunların Donbasdan birtərəfli çıxarılması tələbini rədd edərək, belə bir addımın faktiki təslim olmaq mənasına gələcəyini bildirib. Gülnar Nazimqızı
Mənbə: anews.az