Əliyev: Dünya Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri Azərbaycanın həmin ərazilər üzərində suverenliyini nümayiş etdirir və beynəlxalq ictimaiyyət bunu qəbul edir.
Xocavənd rayonunda Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşdə çıxış edən Əliyev deyib ki, bölgəyə hər səfərində aparılan quruculuq işlərini görmək onda qürur hissi yaradır.
"Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə, əlbəttə ki, ürəyim sevinir. Bir daha əmin oluram ki, biz nə qədər böyük xalqıq, qurub-yaradan xalqıq", - Prezident bildirib.
Əliyev əlavə edib ki, "Bu torpaqların sahibləri bizik, bütün dünya bunu artıq nəinki bilir, hətta qəbul edir. Bəziləri istəməsələr belə, bunu qəbul etməyə məcburdurlar, çünki biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik"- Əliyev deyib
Azərbaycan hökuməti 2023-cü ildə Qarabağ üzərində tam nəzarəti bərpa etdikdən sonra regionda genişmiqyaslı bərpa və məskunlaşdırma proqramı həyata keçirir. Quzeyxırman və Güneyxırman kəndləri də keçmiş məcburi köçkünlərin qayıtdığı yaşayış məntəqələri sırasındadır.
Mənbə: anews.az