907-ci düzəliş ləğv edilməlidir - Əliyev
Prezident İlham Əliyev ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi və Azərbaycana ABŞ hökumətinin birbaşa yardımını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə köhnəldiyini bildirib və onun tam ləğv edilməsinə çağırıb. Əliyevin sözlərinə görə, düzəliş vaxtilə Ermənistanı dəstəkləyən senatorların təşəbbüsü ilə qəbul olunub və Azərbaycanı haqsız şəkildə Ermənistanı blokadada saxlamaqda ittiham edirdi. Prezident bildirib ki, hazırda həmin düzəliş üçün əsas qalmayıb. O qeyd edib ki, Azərbaycan və Ermənistan Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişini paraflayıb, Bakı Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb və ölkə ərazisindən Ermənistana on minlərlə ton yük daşınıb. Əliyevin sözlərinə görə, Azərbaycan Ermənistana neft məhsullarının tədarükünə də başlayıb. Prezident bildirib ki, Tramp ötən ilin avqustunda Ağ Evdə keçirilən görüş zamanı onun iştirakı ilə 907-ci düzəlişin tətbiqini bir il müddətinə dayandıran qərarı imzalayıb. Bununla belə, o qeyd edib ki, düzəlişin simvolik və siyasi əhəmiyyəti qalır və Konqres onu tamamilə ləğv etməlidir. Əliyev bildirib ki, Tramp administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətləri “əla” səviyyədədir və strateji tərəfdaşlığa yüksəlib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət və investisiyalar, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi və bağlantılar, müdafiə və təhlükəsizlik sahələrində fəaliyyət göstərən işçi qrupları aktiv işləyir. Prezident həmçinin bildirib ki, ABŞ Azərbaycanın silah almasına qoyduğu məhdudiyyətləri aradan qaldırıb və bunun ardınca Böyük Britaniya və Avropa İttifaqının üzv dövlətləri də oxşar addımlar atıblar. Əliyev əlavə edib ki, bəzi ekspertlərin Azərbaycanı artıq “orta güc” (middle power) kimi qiymətləndirməsi barədə fikirləri ilə tanışdır və hesab edir ki, bu statusun meyarları daha dəqiq müəyyənləşdirilməlidir. Aytac Zeynalova
Mənbə: anews.az