Image

Arpadarai: Kraudfandinqin digər formalarının hüquqi statusu da dəqiqləşdirilməlidir

Milli Məclisin deputatı Nigar Arpadarai hesab edir ki, "Kraudfandinq haqqında" qanun layihəsi Azərbaycanda startapların, innovativ ideyaların və yeni bizneslərin maliyyələşdirilməsi üçün alternativ maliyyə mənbələrinin formalaşmasına töhfə verəcək.

Parlamentdə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat bildirib ki, sənəd ümumilikdə dəstəklənməlidir, lakin bəzi məsələlərin dəqiqləşdirilməsinə ehtiyac var.

Arpadarai qeyd edib ki, qanun layihəsində əsasən borc əsaslı və pay (səhm) əsaslı kraudfandinq mexanizmləri tənzimlənir. Onun sözlərinə görə, beynəlxalq praktikada qrant əsaslı kraudfandinq və qrantla investisiya və ya borcun birgə tətbiq olunduğu qarışıq maliyyələşdirmə modelləri də geniş istifadə edilir.

Deputat bu baxımdan qanun layihəsində nəzərdə tutulmayan digər kraudfandinq formalarının hüquqi statusunun aydınlaşdırılmasını təklif edib.

"Nəzərdə tutulmayan bu maliyyələşdirmə formalarından istifadə mümkün olacaqmı, yoxsa onlar qanundan kənar və ya qanunsuz hesab ediləcək? Bu məsələnin qanunda öz əksini tapması onun tətbiqini və kraudfandinq bazarının inkişafını daha da asanlaşdırar", – deputat bildirib.

Arpadarai ikinci təklifinin kraudfandinq platformalarının fəaliyyəti ilə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, qanun layihəsi platformaların və operatorların fəaliyyətini ətraflı tənzimləyir, lakin platformadan kənarda təşkil olunan kollektiv maliyyələşdirmənin hansı hüquqi rejimə tabe olacağı açıq qalır.

Deputat bildirib ki, bu məsələyə də aydınlıq gətirilməsi qanunun tətbiqi zamanı yarana biləcək hüquqi qeyri-müəyyənliyin qarşısını ala bilər.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti