AMB rəsmisi: Kart əməliyyatlarında texniki insidentlər vəsaitin itməsi demək deyil
Bank kartı ilə aparılan əməliyyatlarda yaranan texniki nasazlıqlar zamanı vəsaitin geri qaytarılması prosesinin vaxt aparması normal hal hesab olunur. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Məhsullarının İnkişafı Departamentinin baş mütəxəssisi Elvin Cuvarov deyib.
Onun sözlərinə görə, belə halları vəsaitin itməsi və ya köçürmənin uğursuz olması kimi qiymətləndirmək düzgün deyil. Kart əməliyyatlarının icrası bir neçə mərhələdən ibarət mürəkkəb prosesdir və burada yalnız göndərən və qəbul edən bank deyil, həm də banklararası kart emalı mərkəzləri, bankın daxili sistemləri, eləcə də Visa və MasterCard kimi beynəlxalq ödəniş sistemləri iştirak edir.
Elvin Cuvarov bildirib ki, əməliyyatın hər bir mərhələsində məlumatların yoxlanılması və emalı həyata keçirilir. Bu səbəbdən texniki insident baş verdikdə problemin aradan qaldırılması və vəsaitin geri qaytarılması müəyyən vaxt tələb edə bilər.
AMB rəsmisi vurğulayıb ki, kart əməliyyatları kənardan sadə görünsə də, onların arxasında çoxsaylı iştirakçıların və müxtəlif texnoloji platformaların cəlb olunduğu mürəkkəb infrastruktur dayanır. Məhz buna görə də əməliyyat zəncirinin istənilən mərhələsində yaranan texniki problem bütün prosesə təsir göstərə bilər.
Aytac Zeynalova
Mənbə: anews.az